Bu ilin ilk 10 ayında Azərbaycandan 10 milyard 850 milyon dollar həcmində 20 milyon 755 min ton xam neft ixrac edilib.
FED.az Dövlət Gömürük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyard 913 milyon dollar və ya 15% azalıb, miqdar ifadəsilə isə 183 min ton, başqa sözlə 0,9% artıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 12 milyard 763 milyon dollar dəyərində 20 milyon 572 min ton xam neft ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xam neftin hər tonunun orta ixrac qiyməti 889 manat təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 1055 manat idi. Bu da illik müqayisə ilə 166 manat və ya 15,7% ucuzlaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 50,14%-ı xam neftin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 56,12% olub.












