Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 21 milyard 190,9 milyon kVt/saat olub.
FED.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-sentyabr ayları üzrə açıqladığı operativ məlumatlarda bildirilib.
Məlumata əsasən, ölkədə elektrik enerjisi istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz və ya 607,8 milyon kVt/saat azalıb.
Bu dövrdə İstilik Elektrik Stansiyalarında (İES) 16 milyard 960 milyon kVt/saat, Su Elektrik Sttansiyalarında (SES) 2 milyard 767,1 milyon kVt/saat, digər mənbələr üzrə isə 1 milyard 463,8 milyon kVt/saat, o cümlədən külək elektrik stansiyalarında 768,7 milyon kVt/saat, günəş elektrik stansiyalarında 501,5 milyon kVt/saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 193,6 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
9 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 352,8 milyon kVt/saat, külək elektrik stansiyalarında 698,4 milyon kVt/saat, BMTYZ üzrə isə 10,2 milyon kVt/saat artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 1051,9 milyon kVt/saat artımla 4 milyard 230,9 milyon kVt/saat təşkil edib.
Yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin istehsalı "AzərEnerji" ASC üzrə 18 milyard 233,4 milyon kVt/saat (İES-lərdə 15 milyard 434,8 milyon kVt/saat, SES-lərdə 2 milyard 753,1 milyon kVt/saat, Günəş Elektrik Stansiyalarında (GES) 45,5 milyon kVt/saat), müstəqil elektrik stansiyaları üzrə isə 2 milyard 957,5 milyon kVt/saat təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 301,6 milyon kVt/saat, idxalı isə 170,6 milyon kVt/saat olub.
Hazırda Azərbaycanda bərpa olunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə isə 157 QVt qiymətləndirilir. Ölkənin iqtisadi potensialı 27 QVt təşkil edir. Bunun 3 QVt-ı külək, 23 QVt-ı günəş enerjisinin payına düşür. Bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı isə 520 MVt həcmində qiymətləndirilir.
“Qobustan” Günəş Elektrik Stansiyasının istismara verilməsindən sonra Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə ümumi güc 2 170 MVt-a, stansiyaların sayı isə 85-ə çatıb. Onlardan 65-i su elektrik stansiyasıdır və ümumi gücü 1 443,5 MVt təşkil edir. Ölkədə, həmçinin, 6 külək elektrik stansiyasının 306,5 MVt, 10 günəş elektrik stansiyasının 378,2 MVt, 3 hibrid elektrik stansiyasının 7,3 MVt və 1 biokütlə elektrik stansiyasının 37 MVt gücü var.
Beləliklə, bərpa olunan enerji mənbələrinin payı Azərbaycanın ümumi enerji gücünün təxminən 21,5 faizini təşkil edir. 2027-ci ilin sonunadək ölkədə ümumi gücü təxminən 1,5 QVt olan bərpa olunan enerji layihələrinin reallaşdırılması nəzərdə tutulur.













