Ukraynada gedən müharibəni dayandırmaq və onun şərtləri ilə bağlı ABŞ, Britaniya və Avropa İttifaqı mütəmadi olaraq müzakirələr aparırlar. CNN xəbər yayıb ki, danışıqlarda İtaliyanın atəşkəslə bağlı hazırladığı 4 mərhələli plan da müzakirə edilir.
FED.az-ın məlumatına görə, danışıqlar hələlik rəsmi Kiyevin iştirakı olmadan aparılır, baxmayaraq ki, ABŞ prezidenti Bayden «Ukrayna haqqında Ukraynasız danışmayacağını» bəyan etmişdi.
CNN-in mənbələri bildirib ki, danışıqlarda İtaliya tərəfindən hazırlanmış 4 mərhələli həll planı müzakirə edilir. İtaliyanın xarici işlər naziri Luici Di Mayo bu sənədi bir qədər əvvəl BMT-nin baş katibi Antoniu Quterrişə təqdim edib. «La Republica» qəzeti xəbər verir ki, Romanın təklif etdiyi planda hazırda möcud olan cəbhə xəttində BMT-nin müşahidəsi altında demilitarizasiya olunmuş zona yaratmaq, Ukraynanı Avropa İttifaqına qəbul etmək, amma NATO-ya qəbul etməmək, krım və Donbasa Ukrayna təkibində qalmaqla, ən yüksək muxtariyyət statusu vermək, eləcə də Avropada təhlükəsizlik sistemi ilə bağlı yeni müqavilə hazırlamaq daxildir. Planda bütün bu işlərlə yanaşı, Rusiyadan bütün sanksiyaların götürülməsi də əksini tapıb.
CNN yazır ki, ABŞ tərəfit İtaliyanın təklif etdiyi bu planı dəstəkləmir və hələlik tərəflərin sülhə meylli olduqlarını görmür. Eləcə də Vaşinqton bu plana əməl etmək və ya ərazilərini itirilməsi ilə barışmaq üçün Kiyevə dəstək vermək niyyətində deyil.
Rusiya Xarici işlər Nazirliyindən bildirilib ki, İtaliyanın təqdim etdiyi planı alıblar və indi ona baxılır. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, hələlik Kremlə belə sənəd daxil olmayıb.
Əvəzində Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev İtaliyanın planını tənqid edib. Onun sözlərinə görə, bu planı «diplomatlar deyil, Ukraynanın tərəfini saxlayan yerli politoloqlar hazırlayıblar». Medvedyev Ukraynanın Avropa İttifaqına daxil olmasına və Krim və Donbasın Ukrayna tərkibinə veriləcəyinə inanmadığını bildirib.