Mayın 11-dən başlayaraq Ukrayna ordusu Baxmut istiqamətində hücum əməliyyatlarına başlayıb.
FED.az xəbər verir ki, bu barələ əvvəlcə Rusiyalı hərbi jurnalistlərin və RT kanalının yaydığı məlumatı sonradan Rusiya Müdafiə Nazirliyi də təsdiqləyib.
Nazirlik elan edib ki, dünəndən başlayaraq bütün təmas xətti boyunca Baxmut taktiki istiqamətində Ukrayna tərəfi hücum əməliyyatları həyata keçirir.
Bir qədər sonra Ukrayna ordusunun hücuma keçdiyini hərbi rəhbərliklə keçirdiyi iclasda Ukrayna prezidenti Zelenski də elan edib.
«Ukrayna Silahlı Qüvvələri Baxmut yaxınlığında uğurlu əks-hücum keçirib. Biz general Sırskinin hesabatını dinlədik, onun bölmələri əlavə səylə düşməni dayandırdı və hətta onu bəzi istiqamətlərə geri atdı» - prezident deyib.
Artıq tezliklə Ukrayna ordusunun Baxmutda bəzi əraziləri geri alması barədə məlumatlar yayılıb.
«Ukrayna bu həftə Baxmutda 2 kilometr irəliləyib və mövqelərinin heç birini itirməyib» - bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib. O, ukraynalıları Rusiya tərəfindən yayılan dezinformasiyalara məhəl qoymamağa çağırıb: «Düşmən eyni zamanda ehtimal ki, real vəziyyətə bəraət qazandırmaq məqsədilə silah çatışmazlığı ilə bağlı yalan məlumat yayır».
Malyar «real vəziyyət» deyərkən Rusiya hərbi qüvvələrinin öz planlarını həyata keçirə bilməməsini, böyük insan itkilərinə məruz qalmasını nəzərdə tutduğunu bildirib.
Bir qədər sonra Rusiya ordusunun geri çəkildiyini və itkiləri rəsmi Moskva da etiraf edib. Nazirlik şəhərin şimalındakı qüvvələrinin daha əlverişli müdafiə mövqeyi tutmaq məqsədilə geri çəkildiyini açıqlayıb: «Müdafiənin stabilliyini artırmaq məqsədilə Rusiya qoşunlarının «Cənub» qrupunun bölmələri Maloilyinovka istiqamətində mövqe tutub»zdeyə nazirlik açıqlayıb.
Bəyanatda qeyd olunub ki, bu manevr, qüvvələrə Berxovka su anbarının əlverişli şərtlərinin verdiyi üstünlüklərdən yararlanmaq imkanı verəcək.
Bununla bağlı məlumat yayan CNN qeyd edir ki, sözügedən açıqlama, dolayısı yolla Rusiya ordusunun bir neçə kvadrat kilometr ərazini itirdiyini etiraf etdiyini təsdiqləyir.
Rusiya tərəfdən Ukraynadakı hərbi əməliyyatların aktiv iştirakçısı olan «Vaqner» özəl hərb şirkətinin rəhbəri Yevgeni Priqojin isə ənənəvi olaraq öz stilində Rusiya Müdafiə Nazirliyini sərt tənqid edib və qoşunların geri çəkildiyini deyil, sadəcə geri qaçdığını bildirib.
Priqojin bildirib ki, Müdafiə Nazirliyinin qoşunların Baxmutun şimalında guya geri çəkilməsi ilə bağlı bəyanatı həqiqətə uyğun deyil. «Vaqner»in rəhbəri bildirib ki, Rusiya qüvvələri Baxmutun şimalından qaçıb və «bu yenidən qruplaşma deyil, qeyri-taktiki geri çəkilmədir».
Priqojin Rusiya ordusunun Baxmutda itirdiyi ərazini də dəqiqləşdirib – onun sözlərinə görə, Rusiya qoşunlarının Baxmutun şimalından geri çəkilməsi təkcə bu gün 5 kvadrat kilometr ərazinin itirilməsi deməkdir: «Ukrayna bütün taktiki yüksəklikləri tutaraq Baxmutdan 500 metr məsafədə olacaq».
Priqojin Ukrayna qüvvələri ilə gərgin döyüşlərin getdiyi, Baxmuta aparan Çasov Yar yolunu da tam azad etdiklərini deyib. «Vaqner» rəhbəri Rusiya Müdafiə Nazirliyini dəstəyinin çatışmazlığına dair əvvəlki şikayətlərini bir daha təkrarlayıb.