Apple Çində iri taksi sifarişi xidməti şirkəti olan “Didi Chuxing”-ə 1 milyard dollar investisiya qoyuluşu etdi.
Məlum olduğu kimi, Apple şirkəti 12.05.2016-cı il tarixində cümə axşamı günü Çində taksi sifarişi xidmətlərini göstərən şirkətlərdən biri olan Didi Chuxing şirkətinə 1 milyard dollar investisiya qoyuluşu etdi. Apple şirkətinin baş direktoru Tim Kuk tərəfindən verilən məlumata görə bu addım şirkət üçün kritik dərəcədə əhəmiyyətli olan çin bazarını anlamağa yardım edəcəkdir.
Bu investisiya qoyuluşu güclənməkdə olan 2 istiqamət üzrə möhkəmlənməyə kömək edəcək ki, bu istiqamətlər də ehtiyatların müştərək istifadəsi (nəqliyyat) və avtomobil texnologiyasıdır. Mobil avadanlıqlar bazarındakı durğunluq üzündən Apple üçün yeni fəaliyyət istiqamətlərinin və növlərinin mənimsənilməsi daha çox aktuallıq kəsb edir.
Bu yeni fəaliyyət sahəsində Apple şirkətinin rəqiblərinin olmayacağını düşünmək düzgün olmazdı, çünki Çində güclü rəqabətyönümlülük qabiliyyətinə malik bazarlar inkişaf etmişdir. Hazırda Apple şirkəti Çin bazarında öz satışlarını gücləndirməyə çalışır və bu məqsədlə şirkət rəhbəri Kuk gələn ay Çinə səfər edəcəkdir.
Lakin taksi sifarişi bazarında birbaşa rəqib olan Uber Technologies ilə yanaşı, həmçinin çarpaz investisiyalar ilə bağlı tendensiyaları və avtomobil istehsalçıları ilə informasiya texnologiyaları sahəsində çalışan şirkətlər arasında alyansların formalaşdırılma tendensiyalarını da nəzərə almaq lazımdır. Məsələn, General Motors (GM.N) şirkəti bu yaxınlarda avtonom idarəolunan avtomobil texnologiyasını işləyib hazırlayan Cruise Automation şirkətini almış və o cümlədən ABŞ-ın taksi sifarişi xidmətini təklif edən “Lyft” şirkətinin bir hissəsini də əldə etmişdi.
Apple və Didi Chuxing şirkətlərinin gələcəkdə birgə əməkdaşlığından Kuk böyük imkanlar əldə etməyin mümkün olacağını söyləmişdir.
Kuk bildirdi: “Biz çoxsaylı strateji səbəblərdən investisiya qoyuluşu edirik və buraya təbii ki, Çin bazarının müəyyən seqmentlərinin öyrənilməsi imkanları da daxildir. Əlbəttə ki, biz bir qayda olaraq müəyyən müddət ötüb keçdikdən sonra etdiyimiz kapital qoyuluşlarından güclü gəlir əldə edəcəyimizə inanırıq.”
Qeyd edilməlidir ki, Didi Chuxing-in 20 milyard dollardan artıq qiymətləndirilməsinə baxmayaraq, şirkət Çindəki bazar payına görə Uber ilə xərc tələb edən mübarizəsində milyardlar itirmişdir.
Əlavə olaraq vurğulayaq ki, əvvəllər Didi Kuaidi kimi tanınan Didi Chuxing şirkəti üçün Apple ən iri investisiya qoyuluşu edən şirkət oldu. Çinin taksi sifarişi xidməti bazarında hakim mövqe tutan Didi Chuxing şirkəti artıq bir neçə milyard dollar vəsait cəlb edə bilmişdir. Şirkətdən verilən məlumata görə hazırda xidmət gün ərzində 11 milyondan çox gediş təmin edir, bununla da Çində özəl taksi xidməti bazarının 87%-ni əhatə edir.
Turxan Aliyev: Avtomobili bizdən soruşun
16:44
19 İyul 2016