Azərbaycanda turizm təşkilatçıları qarşısında gözlənilən risklərlə əlaqədar ehtiyat fond yaratması tələbi qoyulacaq.
Milli Məclisdən verilən məlumata görə, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində turizm təşkilatçısının turla bağlı vəzifələri müəyyənləşib.
Layihəyə görə, turizm təşkilatçıları turistə təqdim etdiyi turizm məhsulu barədə məlumat verməlidir. Turizm təşkilatçısı müqavilədə hər hansı məlumatı verməmək yolu ilə istehlakçıda yanlış təsəvvür yaratdığına görə məsuliyyət daşıyır. Turizm təşkilatçısı xidmətlərin göstərilməyəcəyi təqdirdə ödəyəcəyi məbləğlər üzrə risklərini istehlakçının xeyrinə sığortalamalı və ya həmin məbləğdə bank hesabından ehtiyat fond yaratmalıdır. Yaxud da turizm təşkilatçısı eyni məbləğdə istehlakçının xeyrinə bank qarantiyası və ya digər təminat növü təqdim etməlidir.
Layihəyə görə, turizm xidmətlərinin göstərilməsinə dair müqavilənin şərtləri turoperator və ya turizm agentliyi tərəfindən yerinə yetirlmədiyi hallarda turist ona dəyimiş maddi və mənəvi zərərlərin əvəzinin qanunvericiliklə müəyyən olunmuş qaydada ödənilməsini tələb edə bilmək hüququna malikdir.
Layihədə qeyd edilir ki, turizm xidmətlərinin göstərilməsinə dair müqavilədə onun şərtlərinin pozulmasına məsuliyyət nəzərdə tutulmalıdır. Bu halda dəbbə pulu turizm məhsulunun qiymətinin 2 mislindən çox ola bilməz.
Turist xidmətlərinin göstərilməsinə dair müqavilədə istehlakçının müqaviləni ləğv etmək hüququ və müddəti təsbit edilməlidir. Bu müqavilədə göstərilmiş müddətdə istehlakçı tərəfindən müqavilə ləğv edildikdə həmin müqavilə üzrə turizm təşkilatçısına ödənilmiş bütün məbləğlər heç bir tutmaya yönəldilmədən geri qaytarılmalıdır.
Layihədə turistlərin təhlükəsinin təmini məsələləri də yer alıb. Layihəyə görə, turizm təhlükəsizliyi üzrə tədbirlər planı hazırlanmalı və həyata keçirilməli, turizm marşrutları pasportlaşdırılmalı, barəsindəki məlumatların Dövlət Turizm Reyestrinə daxil edilən zaman təhlükəsizlik qaydalarına əməl edilmənin monitorinqi aparılmalı, turizm sığortalanması həyata keçirilməlidir.
Trend©