Türkiyə hökuməti Yunanıstanın adalarda keçirdiyi hərbi təlimlərə kəskin reaksiya göstərib.
FED.az xəbər verir ki, rəsmi Ankara bu dəfə xarici işlər Naziri Mövlud Çavuşoğlunun vasitəsilə Afinaya xəbərdarlıq edib.
Mövlud Çavuşoğlu, Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə nazirlikdəki görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında “Bizim ünvanımıza gələn təhdidlərə qarşı susmağımız mümkün deyil, lazımi addımları atacağıq” deyə qeyd edib.
Yunanıstanın Rodos və Lesbos adalarında keçirdiyi hərbi manevrlə bağlı sualı cavablandıran Çavuşoğlu, "Təəssüf ki, Yunanıstan təxribatlarını davam etdirir. Təbii ki, buna qarşı susmağımız mümkün deyil"-deyib.
Nazir Yunanıstanın silahsızlaşdırılmış adaların statusunu pozmasından sonra Türkiyənin BMT-yə hüquqi arqumentlər ehtiva edən məktublar yazmasının Yunanıstanı özündən çıxardığını bildirib. «Söhbət etdiyimiz adalar və bəzi adalar 1923-cü il ilə Lozanna və 1947-ci il Paris sülh müqavilələri əsasında Yunanıstana verildi. Yunanıstan bu əraziləri silahlandıra bilməz, çünki bu müqavilə “sülh müqaviləsi” adlanır və buna görə də Yunanıstan bu ərazilərə silah gətirə bilməz” – bildirib.
Hərbisizləşdirilmiş adaların statusu ilə onların suverenliyi arasında birbaşa əlaqənin olduğunu vurğulayan Çavuşoğlu bildirib ki, "Yunanıstan bu pozuntudan əl çəkməsə, adaların suverenliyi müzakirə olunacaq. Digər tərəfdən Yunanıstan mənfi addımlar atır, silahlandırır, bu ərazilərdə təhlükəsizliyimiz üçün bu razılaşmalara baxmayaraq başqa addımlar atır. Ona görə də buna qarşı səssiz qalmağımız mümkün deyil. Yəni Yunanıstan silahsızlaşdırılmış adaların statusunu pozmaqdan vaz keçməlidir. Ya Yunanıstan bu məsələdə addım atar, bu razılaşmalara əməl edər, ya da biz lazım olanı edərik».
Çavuşoğlu prezident Rəcəb Tayyib Ərdoğanın “bir gecə qəfildən” sözlərini yenidən xatırladaraq deyib:
«Yunanıstanın razılaşmalara əməl etmədiyini təkrarladığı vaxtda, bunlara səssiz qala bilmərik. Həm hüquqi zəmində, həm də BMT başda olmaqla beynəlxalq təşkilatların iştirakı ilə və yerdə lazımi addımları atmağa davam edəcəyik. Lazımi tədbirləri görəcəyik. Yunanıstan unutmamalıdır ki, kim külək əkərsə, fırtına biçər. Əgər sülh istəmirsinizsə, biz də lazım olanı edəcəyik. Bir gecə qəflətən».