Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə (TBMM) göndərilib.
FED.az xəbər verir ki, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın imzası ilə göndərilən qanun layihəsində Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsindən sonra Azərbaycan, Ermənistan və Rusiya tərəfindən 9 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatda nəzərdə tutulan fəaliyyətlərin icrası davam edir.
Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin Rusiya ilə Müştərək Monitorinq Mərkəzində vəzifələrini davam etdirməsinin Türkiyənin bölgədəki fəal və konstruktiv rolunun və milli maraqlarının tələbi olduğu vurğulanıb:
“16 avqust 2010-cu ildə imzalanmış “Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Sazişi”nin müddəalarından irəli gələn öhdəliklərimizi yerinə yetirmək məqsədilə Türkiyənin yüksək maraqlarını səmərəli şəkildə qorumaq və pozuntuların qarşısını almaq, Prezidentin müəyyən edəcəyi prinsiplərə uyğun olaraq bu qüvvələrdən istifadə etməklə risk və təhlükələrin aradan qaldırılması üçün hər cür tədbirlərin görülməsi istiqamətində Türkiyə Böyük Millət Məclisinin 17 noyabr 2020-ci il tarixli və 1272 saylı qərarı və Türkiyə Böyük Millət Məclisinin 1 noyabr 2022-ci il tarixli 1348 saylı qərarı ilə uzadılmış icazənin 17 noyabr 2023-cü il tarixindən bir il müddətinə uzadılması üçün layihə təqdim edilib”, - qeyd olunub. (Apa)