ABŞ prezidenti Donald Tramp Türkiyənin «icazə verilənlər çərçivəsindən kənara çıxacağı» təqdirdə onun iqtisadiyyatını məhv edəcəyi ilə hədələyib.
FED.az xəbər verir ki, ənənəvi olaraq «Tvitter»də məlumat bölüşən Tramp ABŞ qüvvələrinin Suriyanı tərk edəcəyini, Türkiyənin burada əməliyyatlara başlayacağını bildirərək, eyni zamanda rəsmi Ankaraya Suriyadakı əməliyyatlarla bağlı «qırmızı xətlərin» - çərçivələrin olduğunu da xatırladıb.
«Əvvəl söyləmişdim və indi təkrarlayıram. Əgər mən böyük misilsiz müdrikliyim sayəsində hesab etsəm ki, Türkiyə sərhədləri keçəcək bir addım atır, o zaman, əvvəllər də olduğu kimi, Türkiyə iqtisadiyyatını tamamilə məhv edəcəm (bunu əvvəldə etmişdim)».
Tramp bildirib ki, ABŞ (Suriyada) gözləniləndən çox iş gördü, o cümlədən İŞİD xilafətini 100 faiz məğlub etdi: «İndi bölgədəki digərlərinin, böyük imkanlara sahib olan bəzilərinin öz ərazilərini müdafiə etmələrinin vaxtı gəldi».
Onun sözlərinə görə, Türkiyə, Avropa ölkələri və digərləri əsir götürülmüş İŞİD-çilərə və onların ailələrinə qarşı diqqətli olmalıdırlar.
Qeyd edək ki, dünən Donald Tramp və RəcəbTayyib Ərdoğan arasındakı telefon danışığından sonra Ağ Ev Türkiyənin Suriyadakı əməliyyatlarına icazə verib. Ərdoğan bildirib ki, əməliyyatlar Suriyanın şimalında, Fəratın şərqində aparılacaq. Əməliyyatın məqsədi Suriya ilə Türkiyə arasındakı sərhədi Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək, orada təhlükəsizlik zonası yaratmaq və Türkiyədəki suriyalı qaçqınları oraya yerləşdirməkdir.
Bununla yanaşı, Trampın açıqlamasında Türkiyənin «çərçivədən çıxmaması» dedikdə hansı məsələni nəzərdə tutduğu dəqiq bilinmir. Rusiya mətbuatı bildirir ki, bu sözlər Türkiyənin kurdlərə qarşı əməliyyatlarına aiddir.