Amerikanın yeni prezidenti Donald Tramp Rusiyaya ultimatum verib.
FED.az xəbər verir ki, Ağ Evin yeni sahibi Rusiyanı Ukraynadakı münaqişəni dayandırmağa çağırıb. Əks halda Rusiyanın ABŞ-a bütün ixracına sanksiya və rüsumlar tətbiq ediləcək.
«Mən iqtisadiyyatı dağılmaqda olan Rusiyaya və prezident Putinə çox böyük yaxşılıq etmək istəyirəm. Sakitləşin və bu mənasız müharibəni dayandırın. Əks halda lap pis olacaq!» - deyə Tramp özünə məxsus olan «Truth Social» sosial şəbəkəsində yazıb.
Amerika prezidenti bildirib ki, Rusiyanı və onun xalqını sevir, eləcə də onun prezident Putinlə yaxşı münasibətləri var. Amma o hesab edir ki, əgər Rusiya indi Ukrayna ilə müqavilə bağlamasa onun iqtisadi təzyiqi gücləndirməkdən «başqa seçimi qalmır».
«Sadə və mürəkkəb yollar var. Sadə yol həmişə ən yaxşısıdır»-deyə Tramp bildirib.
Xatırladaq ki, Ukrayna münaqişəsinin həll olunması ABŞ administrasiyasının əsas vəzifələrindən biridir. Hələ prezident seçkiləri zamanı Tramp elan etmişdi ki, qalib gəldiyi təqdirdə münaqişəni tezliklə həll edəcək.