ABŞ Prezidenti Donald Tramp özünə məxsus «Truth Social» sosial media hesabında Venesuela prezidenti Nikolas Maduronun şəklini paylaşıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, fotoda Maduronun qulağında qulaqlıq, əllərinin qandallı, gözlərinin isə bağlı olduğu görünür. Bu ona görə belə edilib ki, harada olduğunu başa düşməsin.
Tramp yazıb ki, həbs edilmiş Venesuela prezidenti ABŞ-a məxsus olan «USS Iwo Jima» gəmisindədir.
Tramp həmçinin bildirib ki, ABŞ Maduronun həbsindən sonra Venesuelanın gələcəyinin həlli məsələsində də iştirak edəcək.
Bu gün keçirilən mətbuat konfransında Tramp «ədaləti bərpa etdiklərini», əməliyyatın mükəmməl keçdiyini, «insanların İkinci Dünya Müharibəsindən bəri görmədiyi bir hücum» deyib.
«Bu, ABŞ tarixində hərbi gücün və peşəkarlığın ən heyrətamiz, ən effektiv və ən güclü nümayişlərindən biri idi. Bunu düşünsəniz, başqa uğurlu əməliyyatlar da olub – Soleimani-yə hücum, Əl-Bağdadiyə hücum və yaxınlarda “Midnight Hammer” adlı əməliyyat çərçivəsində İranın nüvə obyektlərinin məhv edilməsi – hamısı qüsursuz icra olunub», - Tramp deyib.










