Düşmən digər ərazilərin mina xəritələrini Azərbaycana verib. Aparılmış danışıqlar nəticəsində Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim etmişdir.
FED.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin verdiyi məlumata görə, mina xəritələrinin əldə olunmasında göstərdiyi vasitəçilik missiyasına görə Rusiya Federasiyasının Müdafiə Nazirliyinə təşəkkürümüzü bildiririk.
Qeyd edək ki, Azərbaycan Respublikası humanizm prinsiplərini əsas tutaraq 4 dekabr 2021-ci il tarixdə 10 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə təhvil vermişdir. Təhvil verilmiş şəxslər 16 noyabr 2021-ci il tarixində Ermənistan silahli qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılmışlar. Qeyd olunmalıdır ki, humanizm prinsiplərinə sadiq olan Azərbaycan Respublikası bir müddət öncə 26 noyabr 2021-ci il tarixində erməni əsilli bir mülki şəxsi və bir hərbi qulluqçunun Ermənistan tərəfinə təhvil verilməsini təmin etmişdir.