Xəzər rayonunda sudan qanunsuz istifadə edən kommersiya obyektlərinin və fərdi yaşayış evlərinin su təchizatı dayandırılıb.
Məşhur restoran sudan qanunsuz istifadə edirmiş - VİDEO
Dövlət Su Ehtiyatları Agentliyindən FED.az-a verilən məlumata görə, araşdırmalar nəticəsində Mərdəkan-Bilgəh yolunda dekorativ ağacların satışı ilə məşğul olan sahibkarın texniki şərt almadan, müqavilə bağlamadan sudan qanunsuz istifadə etdiyi məlum olub. Obyekt sahibinə qarşı 2 dəfə inzibati tədbir görülsə də, suyu talamaq əməlindən əl çəkməyib.
Nəzarət tədbirləri zamanı məlum olub ki, Binə qəsəbəsi Bolluq sahəsi adlanan ərazidə yerləşən “Arzu” şadlıq evinin müqaviləsi və sayğacı mövcuddur. Lakin obyektin sahibi sayğacdankənar xətdən istifadə edir. Obyektə sudan qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanaraq akt tərtib edilsə də, obyekt sahibi ödənişdən imtina edib. Şüvəlan qəsəbəsi Hacı Məmmədov küçəsində yeni tikilmiş həyət evlərində də sudan qanunsuz istifadə edildiyi aşkarlanıb.
Nəzarət tədbirləri zamanı aşkarlanmış qeyri-qanuni birləşmələr ləğv edilib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-aprel aylarının operativ məlumatlarına əsasən ümumilikdə 4817, Xəzər rayonunda isə 555 fakt aşkarlanıb, 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.