Gələn ildən konyak istisna edilməklə, Azərbaycanda istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına, energetik (alkoqollu və alkoqolsuz) içkilərə tətbiq edilən aksiz dərəcələri artırılır.
FED.az “Qafqazinfo”-ya xəbər verir ki, xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergilər Məcəlləsinə edilən dəyişiklikləri şərh edərkən məlumat verib.
Məcəllədə bildirilir ki, aksiz dərəcəsi içməli spirtin (o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litri üçün 2 manatdan 3,2 manata, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litri üçün 2 manatdan 3,2 manata, şampan şərabının hər litri üçün 2,5 manatdan 2,6 manata, şərablar və şərab materiallarının hər litri üçün 0,1 manatdan 0,2 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilərin hər litri üçün 0,2 manat manatdan 0,5 manata, siqarillanın (nazik siqarlar) 1000 ədədi üçün 20 manatdan 31 manata, tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin 1000 ədədi üçün 20 manatdan 31 manata, alkoqollu energetik içkilərin hər litri üçün 2 manatdan 2,1 manata, alkoqolsuz energetik içkilərin hər litri üçün 3 manatdan 3,1 manata qaldırılır.
Bu siyahıda yer almayan tündləşdirilməmiş alkoqollu içkilərin hər litri üçün isə 0,4 manat aksiz dərəcəsi tətbiq olunacaq.
Konyak və konyak materiallarının hər litri üçün tətbiq edilən 6 manat aksiz dərəcəsi isə 3,2 manata endiriləcək.
Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasili tətbiq edilməklə hesablanır.
Həmçinin növbəti dəyişikliyə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutma metodunun ləvğ edilir və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsi təmin edilir. (ƏDV və mənfəət vergisi metodu)
Qeyd edək ki, dəyişikliklər layihəsi bu gün parlamentdə birinci oxunuşda müzakirəyə çıxarılır.