Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 4 vitse-prezidentinin vəzifədən azad edilməsi haqqında müvafiq sərəncamlar imzalayıb.
SOCAR rəhbərliyinin bonusları azalıb – RƏQƏMLƏR AÇIQLANDI
İşdən çıxarılan vitse-prezidentlər: Bəhram Hüseynov, David Məmmədov, Mikayıl İsmayılov və Tofiq Qəhrəmanov.
Prezident SOCAR-da nəyi dəyişdi? – SƏLAHİYYƏTLƏR BELƏ BÖLÜNDÜ- İZAHAT
Qeyd edək ki, indiyə kimi SOCAR-da 12 vitse-prezident vardı. Beləliklə, bu sərəncamdan sonra şirkətdə 8 vitse-prezident qalacaq. Bunlar birinci vitse-prezidentlər Xoşbəxt Yusifzadə, vitse-prezidentlər Süleyman Qasımov, Elşad Nəsirov, Bədəl Bədəlov, Xaliq Məmmədov, Daşqın İsgəndərov, Rəfiqə Hüseynzadə, Yaşar Lətifovdur.
FED.az vəzifədən çıxarılan sabiq vitse-prezidentlərin qısa dosyesini təqdim edir:
Bəhram Bəhlul oğlu Hüseynov 1956-ci ildə Bakı şəhərində anadan olub.1983-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu "Faydalı qazıntı yataqlarının geofiziki üsullarla axtarışı və kəşfiyyatı" ixtisası üzrə bitirib və həmin ildən Qum adası dənizdə qazma işləri idarəsində geoloq və geoloji şöbənin böyük geoloqu vəzifələrində çalışıb.
1988-ci ilin iyulundan "Xəzərdənizneftqaz" İB İstehsalat Birliyində baş ofisində Neft və qaz yataqlarının kəşfiyyatı üzrə geoloji şöbəyə böyük geoloq vəzifəsinə keçirilib, 1992-ci ildən geoloji şöbənin rəis müavini vəzifəsində çalışıb. 1993-1994-cü illərdə ABŞ-ın Amoko şirkətinin Talsa şəhərində olan elmi-tədqiqat mərkəzində ezamiyyətdə olub və birgə layihədə iştirak edib. Ezamiyyətdən qayıtdıqdan sonra Dənizdə Neft və Qazçıxarma İstehsalat Birliyində əmək fəaliyyətini işini davam etdirib. 1995-ci ilin may ayından Azərbaycan Beynəlxalq Əməliyyat Sirkətində vitse-prezidentin müşaviri vəzifəsində, 1997-ci ilin iyun ayından geoloji şöbənin böyük geologu vəzifəsində çalışıb.
1998-ci ilin iyunundan BP şirkətinin operatoru olduğu "Şahdəniz" layihəsində geolojı kəşfiyyat qrupunun rəhbəri vəzifəsinə qəbul edilib. 2000-ci ilin martından 2002-ci ilin dekabr ayına qədər BP-nin Böyük Britaniyanıin London ofisində ezamiyyətdə olmuş və "AÇG" yataqlarının II və III fazalarının işlənməsinin geologiya, geofizika və lay mühəndisliyi layihə qrupunun rəhbəri vəzifəsində çalışıb. 2002-ci ilin dekabrından 2011-ci ilin yanvarına qədər Bakıda BP-nin operatorluq etdiyi "AÇG" yatağının işlənməsi layihəsində geolojı qrupun rəhbəri, kəşfiyyat bölümündə yeni quyu planlaşdırılması (New well planning) qrupunun rəhbərı, "Azəri" yatağında hasilatın idarə olunması (Base management) qrupunun rəhbəri, "Azəri" yatağında yeni quyuların layihələndirilməsi və yerinə yetirilməsi (New well delivery) qrupunun rəhbəri vəzifələrində çalışıb.
2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. 2011-ci ilin yanvarından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti təyin edilib. İngilis və rus dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür.
***
David Niyazi oğlu Məmmədov 1955-ci ildə Kürdəmir şəhərində anadan olub. 1980-ci ildə M.Əzizbəyov adına Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası) "Neftin və qazın kimya texnologiyası" ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1976-cı ildə Vladimir İliç adına Yeni Bakı neft emalı zavodunda başlayıb. 1994-cü ilədək Yeni Bakı neft emalı zavodunun operatoru, qurğu rəisi, sex rəisinin müavini, sex rəisi, şöbə rəisi vəzifələrində işləyib. 1994-2005-ci illərdə "Azərneftyanacaq" İB-nin baş direktorunun birinci müavini-baş mühəndis, Heydər Əliyev adına Bakı neft emalı zavodunun baş mühəndisi olub.
2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti təyin olunub. 2005-ci ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülüb, 2010-cu ildə "Tərəqqi" medalı ilə təltif edilib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
***
Mikayıl İsmayıl oğlu İsmayılov 1964-cü ildə Ağsu rayonunun Çiyni kəndində anadan olub. 1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) mühasibat uçotu fakültəsinə daxil olub, 1983-1985-ci illərdə hərbi xidmət keçib, 1985-ci ildə ali təhsilini İ.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialında davam etdirib və 1988-ci ildə həmin institutu bitirib. 2001-2004-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. Mikayıl İsmayılov gənc mütəxəssis kimi əmək fəaliyyətinə Neft Daşlarında başlayıb, 1988-2003-cü illər ərzində neft-qaz sənayesində müxtəlif vəzifələrdə (mühasib, baş mühasib müavini, baş mühasib və s.) çalışıb. Əmək fəaliyyətinin böyük bir hissəsi Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ilə bağlı olub. M.İsmayılov 2003 -2005-ci illərdə bu müəssisədə iqtisadiyyat və təchizat üzrə direktor müavini vəzifəsində çalışıb. 2005-ci ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsinə təyin olunub.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
***
Tofiq Ridvan oğlu Qəhrəmanov 1953-ci ildə Bakı şəhərində anadan olub. 1976-cı ildə M.Əzizbəyov adına Azərbaycan neft və kimya institutunu (Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-elektrik ixtisası üzrə bitirib. 1976-1983-cü illərdə Vladimir İliç adına Yeni Bakı Neftayırma Zavodunun (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) İnformasiya-hesablama mərkəzində mühəndis vəzifəsində işləyib, zavodun komsomol komitəsinin katibi olub. 1983-1990-cı illərdə keçmiş partiya təşkilatlarında - əvvəlcə Nizami rayon Partiya Komitəsində, sonra Bakı şəhər Partiya Komitəsində təlimatçı vəzifələrində çalışıb. 1990-1991-ci illərdə Vladimir İliç adına Yeni - Bakı Neftayırma Zavodunda direktor müavini, 1991-1993-cü illərdə zavodun təsis etdiyi "Azinteroil" Birgə Müəssisəsinin Baş direktoru işləyib, 1994-1998-ci illərdə isə özəl bizneslə məşğul olub. 1998-2006-ci illərdə "Azərneftyanacaq" İB-də texniki-iqtisadi şöbənin, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda iqtisadi əməliyyatlar və investisiyalar şöbəsinin rəisi vəzifələrində çalışıb. 2006-2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Emalın strateji inkişafı şöbəsinin rəisi, 2007-2010-cu illər ərzində isə Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi olub. 2010-cu ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Strateji inkişaf üzrə vitse-prezidentidir. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Əməkdar mühəndis" fəxri adına layiq görülüb. Yeni Azərbaycan Partiyasının üzvüdür.