Süni intellekt dövründə dini diskursun necə formalaşdırılacağı ilə bağlı müzakirələrə indidən başlanılmalıdır.
FED.AZ xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva Qusarda keçirilən “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans çərçivəsində təşkil olunan panel müzakirəsində deyib.
O bildirib ki, son illərdə Azərbaycanda Milli Mətbuat Günü münasibətilə keçirilən Şuşa Qlobal Media Forumu media sahəsində əsas çağırışların müəyyənləşdirildiyi mühüm platformaya çevrilib və sonrakı tədbirlərdə həmin istiqamətlər üzrə müzakirələr davam etdirilir.
Şəfəq Mehrəliyeva qeyd edib ki, ötən il forumda səsləndirilən əsas fikirlərdən biri sosial media dövründə buraxılan səhvlərin süni intellekt mərhələsində təkrarlanmamasının vacibliyi idi.
Onun sözlərinə görə, informasiya texnologiyalarının inkişafı dini diskursun xarakterini də dəyişir və bu reallıq artıq bütün dünyada qəbul edilir.
“Bu gün “rəqəmsal din” (digital religion) artıq akademik termin kimi formalaşıb və bu istiqamətdə geniş elmi araşdırmalar aparılır. Sosial medianı və rəqəmsal dünyanı bəyənsək də, bəyənməsək də, bu, həyatımızın ayrılmaz reallığıdır. Ona görə də tənzimləyici və icraedici qurumlar problemlərin həllini məhz bu reallıqları nəzərə alaraq qurmalıdırlar”, – deyə o bildirib.
Şəfəq Mehrəliyeva vurğulayıb ki, bu gün süni intellekt əsasən iqtisadi aspektdən qiymətləndirilsə də, yaxın gələcəkdə onun təsirləri daha çox sosial və mənəvi müstəvidə hiss olunacaq.
“Süni intellekt inkişaf etdikcə insanlar yalnız iş yerlərini itirmək barədə düşünməyəcəklər. İş insan üçün təkcə gəlir mənbəyi deyil, həm də xidmət missiyası, sosial münasibətlər və həyatın mənasıdır. Əgər bunlar insanın əlindən alınarsa, yaranacaq mənəvi boşluğun necə doldurulacağı əsas suallardan biri olacaq”, – deyə o qeyd edib. (trend)














