Koronavirus (COVID-19) pandemiyası ilə bağlı əhali arasında tibbi spirtə tələbat kəskin artdığından bəzi “işbazlar” tərəfindən bu məhsulun saxta və insan orqanizmi üçün olduqca mənfi təsir göstərən nümunələrinin hazırlanaraq satışa çıxarılması cəhdlərinə rast gəlinməkdədir.
Eləcə də bax: Son üç ayda əczaçılıq məhsullarının - İSTEHSALI ARTIB
FED.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "report"a verilən məlumata istinadən xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə tibbi spirt adı altında tərkibində sənayedə istifadə olunan zəhərli metil, izopropil və sair spirtlərin qablaşdırılaraq tibbi spirt adı ilə apteklərə satışa çıxarılması ilə bağlı əməliyyat məlumatları daxil olub. Bu şəxslərin ifşa olunması məqsədi ilə həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində paytaxt sakinləri - Alen Məhərrəmov və Ramil Hüseynov tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı bu şəxslərin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən sexdə 95%-lik tibbi antiseptik məhlul hazırlayan avadanlıqlar quraşdıraraq üzərinə "Tibbi spirt 95%" sözləri yazılmış qablarda standartlara uyğun olmayan metil və izopropil spirtini qablaşdırdıqları müəyyən olunub. Saxlanılan şəxslər ifadələrində bu spirtlərin Bakı şəhərində fəaliyyət göstərən müxtəlif apteklərdə satışını təşkil etdiklərini etiraf ediblər.
Polis əməkdaşları tərəfindən sexə baxış zamanı eyni üsulla hazırlanmış 672 ədəd 1 litrlik və 420 ədəd 100 ml-lik qablarda hazır spirt, qablaşdırma üçün nəzərdə tutulmuş 5 ton spirt nümunələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb.
Aparılmış laborator analizlər nəticəsində qablaşdırılmış antiseptik məhlulun sənayedə istifadə olunan, zəhərli metil və izopropil spirti olduğu təsdiq edilib.
Qeyd edilən faktla bağlı Baş İdarədə zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir.