Rusiya ordusu mayın 2-də Odessaya növbəti raket zərbələri endirib.
Eləcə də bax: Ukrayna ordusu daha üç yaşayış məntəqəsini - AZAD EDİB
FED.az xəbər verir ki, raket zərbələri şəhərin müxtəlif ərazilərinə endirilib və baş verən yanğın nəticəsində ölən və yaralananlar var.
Amma əsas zərər şəhərin nəqliyyat sisteminə dəyib. Odessa Vilayət Administrasiyasının rəhbəri Maksim Marçenko bildirib ki, raket zərbələri nəticəsində Odessada Dnestr çayı üzərindəki strateji əhəmiyyətli körpü dağıdılıb və yararsız hala düşüb. Raket zərbələri zamanı Ukraynanın hava hücumundan müdafiə sistemi işə düşsə də, raketlərin qarşısını ala bilməyib.
Sözügedən körpü Odessa vilayətini, ümumiyyətlə Ukraynanı Moldova ilə birləşdirən strateji əhəmiyyətli nəqliyyat obyektidir. Körpü vasitəsilə Odessa Moldovadan yanacaq və sürtkü materialları alırdı. Rusiya tərəf isə iddia edir ki, bu körpü ilə Ukraynaya xaricdən silah daşınırdı.
Rusiya qüvvələri bu körpünü bir neçə gün əvvəl - aprelin 27-28-də də raket atəşinə tutmuşdu. Amma həmin vaxt Odessa rəhbərliyi körpünün starteji əhəmiyyətinə görə, onun təmiri üçün bütün qüvvələri cəlb etmişdi.
İndi isə körpü yenidən yararsız vəziyyətə düşüb və onun bərpasına bir neçə ay müddət tələb olunur.
Odessanın hərbi administrasiyasının rəhbəri Serqey Bratçuk da bu məlumatı təsdəqləyib.