Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı sərhədçilərin Tavuşdakı postları tərk edəcəyini bildirib.
Delimitasiya komissiyasının iclası keçirilib - Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
FED.az xəbər verir ki, erməni KİV-in yazdığına görə, Paşinyan bu barədə jurnalistlərə deyib.
"Vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Bu, bütün istiqamətlərdə əksini tapmalıdır. Bu, o deməkdir ki, bizdə cəbhə xətti deyil, sərhəd var. Sərhəd isə sülh rəmzidir. Bu isə o deməkdir ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə qarşılıqlı fəaliyyət göstərərək, sərhədin mühafizəsini təmin edə biləcəklər", -o deyib.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Xatırladaq ki, bu yaxında sosial şəbəkələrdə Rusiya sülhməramlı kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması prosesini əks etdirən kadrlar yayılıb. Bir qədər sonra Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.
Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir. (Trend)