Rusiya Prezidenti Vladimir Putin məmurların ikinci vətəndaşlıq və ya xaricdə oturma izni almasını qadağan edən qanun imzalayıb.
Eləcə də bax: Rusiyadakı azərbaycanlı miqrantlar 10 illik vahid sənədlə təmin ediləcək
FED.az xəbər verir ki, sənəd rəsmi hüquqi internet portalında yayımlanıb.
Qadağa birbaşa dövlət təhlükəsizliyi, gömrük orqanları, hərbi qulluqçular, mühafizəçilər, Fövqəladə Hallar Nazirliyi, Federal Penitensiar Xidmət, millət vəkilləri, Rusiya Federasiyası subyektlərinin rəhbərləri, Mərkəzi Bank, Daxili İşlər Nazirliyinin və İstintaq Komitəsinin işçiləri, habelə Uşaq Hüquqları üzrə Müvəkkil, Maliyyə Ombudsmanı və ictimai nəzarət komissiyalarının üzvlərinə aid edilir.
Həmçinin, ikinci oxunuşda bu siyahıya Mərkəzi Bankın sədr müavinləri də daxil edilib.
Bundan əlavə, diplomatik işçilərdən həyat yoldaşlarının xarici vətəndaşlıq və yaşayış icazəsi aldıqları və ya xaricdə daimi yaşamalarına icazə verən digər sənədlər verilməsi barədə rəhbərliyə xəbərdarlıq etmələri tələb olunacaq.
Habelə, ikinci vətəndaşlıq və ya xaricdə yaşayış icazəsi olan rus vətəndaşı xarici bir dövlətə səfir və ya beynəlxalq bir təşkilatda Rusiya Federasiyasının nümayəndəsi təyin edilə bilməz.
Rusiya Federasiyasının vətəndaşlığına xitam verildiyi təqdirdə səfir və ya nümayəndə vəzifəsindən kənarlaşdırılır.
Qanuna görə, tələblərin qüvvəyə mindiyi gündən altı ay sonra müvafiq məlumatları təqdim etməyən dövlət qulluqçusu işdən çıxarılacaq. (Apa)