“Ermənistan tərəfi problemin həllində maraqlıdırsa, Rusiya və Azərbaycanla birgə işi davam etdirməlidir”.
Rusiya XİN Ermənistan hakimiyyətini ittiham edib: "Sülh müqaviləsinin müzakirəsinə mane olurlar"
FED.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, ötən ilin dekabrın 23-də Moskvada üçtərəfli görüşün keçirilməsinə Azərbaycan və Ermənistan liderlərinin razılıq verdiklərini xatırladıb:
“Lakin məhz Ermənistan rəhbərliyi son anda xarici işlər nazirinin Moskvaya səfərindən imtina elədi. Bu, əslində təkcə sülh müqaviləsini deyil, Laçın dəhlizindəki vəziyyət daxil olmaqla, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair digər vacib məsələləri də müzakirə etməyə maneə oldu. Əgər ermənistanlı tərəfdaşlar həqiqətən də qeyd olunan problemlərin həllində maraqlıdırlarsa, birgə işi davam etdirməlidirlər. Burada açar sözlər “birgə” və “iş”dir. Artıq dediyim kimi, sülh müqaviləsi ilə bağlı Ermənistan-Azərbaycan danışıqlarına meydança verməklə bağlı Rusiyanın təklifi qüvvədə qalır. Bizim vasitəçilik imkanlarımız hər zaman tərəflərin sərəncamındadır”, deyə Rusiya XİN sözçüsü əlavə edib. (Apa)