Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Urojaynoye qəsəbəsini ələ keçirib, döyüş davam edir.
FED.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Rusiya Silahlı Qüvvələrinin bölmələri hücumu inkişaf etdirərək daha 6 kilometr irəliləyərək Urojaynoye yaşayış məntəqəsini ələ keçirib. Hazırda Ukrayna Silahlı Qüvvələrinin 128-ci Əlahiddə Dağ Hücum Briqadasının bölmələri ilə vuruşurlar", - deyə rusiyalı general vurğulayıb.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü hava hücumundan müdafiə sistemlərinin son sutka ərzində biri “Bayraktar” olmaqla, 14 Ukrayna pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb: “Rusiyanın hava hücumundan müdafiə sistemləri havada Ukraynaya məxsus 14 pilotsuz uçuş aparatını, o cümlədən bir Bayraktar TB-2-ni vurub”.
O əlavə edib ki, "gecə ovçuları" qrupu - Ka-52 və Mi-28N helikopterləri gecə zərbələri zamanı Ukraynanın doqquz tankını, yeddi piyada döyüş maşını və zirehli transportyorunu məhv edib. (Apa)