Gürcüstanın Rusiya tərəfindən işğal edilmiş iki vilayətindən biri – Cənubi Osetiyada yaradılmış «qondarma respublika» Rusiyaya birləşməyə hazırlaşır.
Bu barədə referundum keçiriləcək, referendum üzrə fərmanı «qondarma respublikanın prezidenti» Anatoli Bibilov imzalayıb. Qeyd edək ki, bu ərazidə mayın 8-də təşkil edilən seçkilərdə Anatoli Bibilov məğlub olub və ərazinin yeni rəhbəri Alan Qaqloyev olub.
Referendumda sakinlər bir suala cavab verəcəklər: «Cənubi Osetiyanın Rusiyaya birləşməsini dəstəkləyirsinizmi?».
Rusiya tərəfi bu təşəbbüsü dolayı yolla dəstəkləyib. Rusiya prezidentinin mətbuat katibi Peskov bildirib ki, rəsmi Moskva tərəfindən bununla bağlı hüquqi və digər addımlar atılmasa da, «söhbət Cənubi Osetiya xalqının öz rəyini bildirməsindən gedir və biz buna hörmətlə yanaşırıq».
Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Artyom Turov bildirib ki, Cənubi Osetiyanın Rusiyanın tərkibinə qoşulması üçün heç bir hüquqi maneə yoxdur.
Xatırladaq ki, SSRİ dövrində Gürcüstanın tərkibində olan Cənubi Osetiyada (Şimali Osetiya Rusiyanın tərkibindədir – FED.az) separatçı meyllər 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində başlayıb. Gürcüstan rəhbərliyinə tabe olmaqdan imtina edən Cənubi oetiyalılar müstəqilliklərin elan ediblər. Gürcüstan hökuməti prezidentlər Qamsaxurdiya və Şevardnadzenin vaxtında münaqişəni hərbi yolla həll etməyə çalışsalar da Rusiyanın təzyiqi ilə geri çəkilməli olublar. Nəticədə 1992-ci ildən etibarən Cənubi Osetiya müstəqil mövcud olub. O vaxtdan aparılan sülh danışıqları nəticə verməyib.
2008-ci ilin avqustanda Mixail Saakaşvilinin dövründə Gürcüstan bu əraziləri hərbi yolla qaytarmağa çalışsa da, Rusiyanın hərbi müdaxiləsi ilə üzləşib. Elə həmin il Rusiya Gürcüstanın digər işğal olunmuş ərazisi Abxaziya kimi, Cənubi Osetiyanın da «müstəqilliyini» tanyıb.
Rusiya ilə yanaşı, bu ərazini cəmi 4 ölkə - Nikaraqua, Venesuela, Nuari və Suriya müstəqil ölkə kimi tanıyıb.
Xatırladaq ki, Gürcüstanın ərazisi 69 700 kvadrat kilometrdir. İşğal altında olan Abxaziyanın ərazisi 8665 kvadrat kilometr (Gürcüstan ərazisinin 12,4%-i), Cənubi Osetiyanın sahəsi isə 3900 kvadrat kilometrdir (5,6%-i).
Başqa sözlə, hazırda Gürcüstan ərazisinin 18%-i Rusiyanın işğalı altındadır.