Severodonetskdəki cəbhə xətti şəhəri iki hissəyə ayırır.
FED.az xəbər verir ki, bunu şəhər bələdiyyəsinin rəhbəri Aleksandr Striuk Ukrayna telekanalına açıqlamasında bildirib.
“Təəssüf ki, cəbhə xətti şəhəri iki hissəyə ayırır, amma Severodonetsk hələ də özünü müdafiə etməyə davam edir, hələ də Ukrayna şəhəridir”, - deyə Aleksandr Striuk bildirib.
Aleksandr Striuk küçə döyüşlərinin davam etməsi səbəbi ilə şəhərin mülki əhalisinin təxliyəsinin dayandırıldığını qeyd edib.
Luqansk Regional Hərbi Administrasiyanın rəhbəri Sergey Hayday isə “BBC Radio 4”ə açıqlamasında bildirib ki, şəhərdə vəziyyət ağırdır.
“Onlar (Rusiya qüvvələri) şəhərə bir çox istiqamətdən hücum etməyə çalışırlar. Təəssüf ki, artıq şəhərə daxil olublar. Orada ağır vəziyyət mövcuddur. Onlar bir təcili yardım maşınına atəş açıblar, həkimlərə nə olduğundan xəbərsizik. Telefonlarına cavab vermirlər. Xəstəxana dağıdılıb. Vəziyyət çox çətindir”, - deyə Sergey Hayday “BBC Radio 4”ə açıqlamasında bildirib.
Hayday Ukrayna qüvvələrinin şəhəri tərk etmədiyini, şəhərin içərisində döyüşlərin davam etdiyini açıqlayıb. (Apa)