“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında baş tutan 3 telefon danışığı bizi mövcud vəziyyətdən çıxarmağa, iki ölkə arasında gərginliyi azaltmağa, bu istiqamətdə fəaliyyət və atdığımız addımlarla ümumi yanaşmaya aparan müsbət hadisədir”.
FED.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani aprelin 17-də keçirdiyi ənənəvi həftəlik brifinqdə bildirib.
O deyib ki, rəsmi Tehran münasibətlərin idarə olunmasında siyasi-diplomatik yanaşmadan istifadə edib və xoşbəxtlikdən bu prosesdə nisbi uğur əldə olunub.
“Ümid edirik ki, problemlər və anlaşılmazlıqları aradan qaldırıb iki ölkə arasında mehriban qonşuluq siyasətinə əsaslanan əlaqələri təbii və faydalı prosesə çevirəcəyik”, - N.Kənani vurğulayıb.
Onun sözlərinə görə, İran bu istiqamətdə səylərini davam etdirəcək.
Qeyd edək ki, aprelin 14-də C.Bayramovla H.Ə.Abdullahian arasında telefon danışığı baş tutub.
Nazirlər Azərbaycan və İran arasında ikitərəfli münasibətlərdə mövcud vəziyyəti müzakirə ediblər.
Tərəflər danışıqların davam etdirilməsi və zərurət olacağı təqdirdə ikitərəfli səfərlərin həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.
Nazirlər eyni zamanda, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. (Report)