Rusiya Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır, danışıqlara Moskva ev sahibliyi edə bilər.
FED.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bişkekdə MDB liderlərinin sammitində çıxışında bildirib.
Onun sözlərinə görə, gündəmdə uzun müddətdir davam edən bu münaqişəyə nəhayət son qoymaq üçün sülh müqaviləsinin hazırlanması dayanır.
"Rusiya tərəfi, əlbəttə ki, tərəfdaşlarımıza bu işdə hər cür kömək göstərməyə hazırdır. Xüsusən, biz lazım gələrsə, istənilən formatda danışıqların Moskvada təşkilinə razıyıq”, - Putin vurğulayıb.
Rusiya Prezidenti izah edib ki, burada söhbət, o cümlədən Ermənistan və Azərbaycanın xarici işlər nazirləri və ekspertləri arasında aparılan danışıqlardan gedir.
"Əlbəttə, biz bu danışıqların bu ölkələrin liderləri tərəfindən imzalanacaq sülh sazişi ilə yekunlaşmasına kömək edəcəyik. Bir daha deyirəm: seçim həmişə müvafiq ölkənin ixtiyarındadır. Biz bu iş üçün lazımi şərait yaratmağa hazırıq", - deyə Rusiya lideri əlavə edib.
Putin son üç ildə Rusiya tərəfinin Qarabağda münaqişənin gərginləşməsinin qarşısını almaq və hərbi əməliyyatları dayandırmaq üçün əhəmiyyətli səylər göstərdiyinə də diqqət çəkib.
“Bütün bu müddət ərzində üçtərəfli Rusiya-Azərbaycan-Ermənistan formatında iki paytaxt - Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılmasına yönəlmiş gərgin iş aparılıb. Bundan əlavə, Rusiya sülhməramlıları mövcud səlahiyyətləri çərçivəsində öz missiyasını vicdanla yerinə yetiriblər", - Putin fikrini yekunlaşdırıb. (Apa)