Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs olunması ilə bağlı əməliyyat ölkədə vəziyyət gərginləşdirib.
FED.az xəbər verir ki, sabiq prezidentin tutulması ilə bağlı əməliyyatda bir xüsusi təyinatlı aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. Qarşıdurma zamanı Çuy vilayəti daxili işlər idarəsinin rəisi Samat Kurmankulov ciddi yaralanaraq komaya düşüb.
Qırğızıstan mətbuatının yaydığı məlumata görə, qarşıdurmada yaralananların sayı 48-ə çatıb, onların biri jurnalistdir. Ciddi yaralananlar xəstəxanaya çatdırılıb.
Almazbek Atambayevi həbs etmək hələ də mümkün olmayıb. Sabiq prezidentin tərəfdarlarının bir hissəsi saxlanılıb.
Ölkədə vəziyyətin gərginləşməsi ilə bağlı bu gün Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun başçılığı ilə Təhlükəsizlik Şurasının və parlamentin-Joqorku Keneşin növbədənkənar iclaslarının keçirilməsi gözlənilir.
Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azad edilməsi, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olmaq və digər maddələrlə ittiham edilir.
Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib.