İsraillə gərginləşən münaqişə nəticəsində Qəzza zolağının infrastrukturuna dəyən birbaşa ziyan 18,5 milyard dollar təşkil edir ki, bu da 2022-ci ildə Fələstinin ümumi daxili məhsulunun (ÜDM) 97%-nə bərabərdir.
FED.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) “Qəzza müharibəsi: Fələstin Dövləti üçün gözlənilən sosial-iqtisadi nəticələr” adlı dərc olunmuş hesabatında deyilir.
Sənəddə deyilir: “2024-cü ilin yanvar ayının sonundakı nəticələrə görə, Qəzzada dəymiş zərərin miqdarı Fələstin Dövlətinin 2022-ci ildəki ümumi ÜDM-nin 97%-nə bərabərdir”.
Qeyd olunur ki, zərərin böyük hissəsi yaşayış binaları və ticarət obyektlərində (72%), daha 9% sənaye müəssisələrində və xidmət sektorunda, qalan 19% isə mühüm infrastruktur obyektlərində baş verib. Hesabatda qeyd edilir ki, Fələstin iqtisadiyyatının istisnasız olaraq bütün sektorları “ciddi ziyana uğrayıb”.
UNDP hesab edir ki, 2024-cü ildə döyüşlər davam edərsə, Fələstinin ÜDM-i 25,8% azala bilər. Hesabatın müəllifləri qeyd ediblər ki, Qəzza zolağında hərbi əməliyyatlar “fələstinlilərin sonrakı nəsillərini əlavə iqtisadi və sosial xərclər ilə üzləşdirəcək və bu müharibədən sonrakı yenidənqurma və inkişafa maneə olacaq”.
2023-cü il oktyabrın 7-də Fələstin-İsrail müharibəsi yenidən alovlanıb. (Marja)