Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
FED.az xəbər verir ki, naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq deputatın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, deputat səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Xatırladaq ki, Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.
Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyasının baş redaktoru vəzifələrində çalışıb, Azərbaycanın ən tanınmış jurnalistlərindən biri kimi tanınıb.
Qənirə Paşayeva daim qaynar nöqtələrdə olub, o cümlədən İraq müharibəsində bu ölkədə olaraq jurnalistika fəaliyyəti göstərib.
2005-ci ildən etibarən Qənirə Paşayeva Milli Məclisinin deputatı olub. Milli Məclisin ən fəal, xalqın etimad göstərdiyi insanlardan biri olub.
Allah rəhmət eləsin!