Sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə müharibədə iştirak üçün qismən səfərbərlik elan edib.
FED.az xəbər verir ki, Putin bildirib ki, səfərbərlik yolu ilə hərbi xidmətə çağırılan vətəndaşlar müqavilə əsasında Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçu statusu alacaqlar.
Müdafiə naziri Sergey Şoyqu isə deyib ki, ümumilikdə 300 min ehtiyatda olan hərbçinin səfərbər olunacağı planlaşdırılır. Bunlar hərbi ixtisası və döyüş təcrübəsinə malik şəxslər olacaq. Eyni zamanda, nazir vurğulayıb ki, qismən səfərbərlik hazırda hərbi xidmətdə olanlara və tələbələrə aid edilməyəcək.
Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov “Shot Telegram” kanalına bildirib ki, səfərbərliyə çağırılanlara yüksək məbləğdə maaş ödəniləcək.
“Bu da çox yüksək olacaq”, – deputat qeyd edib. Lakin Kartapolov ödənişlərin məbləğini açıqlamayıb. (Modern.az)