Xəbər verdiyimiz kimi, Putin Donbassda xüsusi hərbi əməliyyat elan edib.
Eləcə də bax: Putin Ukraynaya müharibə elan etdi – TƏCİLİ
FED.az xəbər verir ki, Putin əməliyyatın məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa, soyqırıma məruz qalan insanların müdafiəsi” adlandırıb.
Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, əməliyyatın məqsədi “Kiyev rejimi tərəfindən sui-istifadəyə, soyqırıma məruz qalan” insanları qorumaqdır”.
“Vəziyyət bizdən qəti və təcili tədbirlər görməyi tələb edir. Donbass xalq respublikaları (qondarma respublikalar - red) yardım xahişi ilə Rusiyaya üz tutublar. Bununla əlaqədar, BMT Nizamnaməsinin 51-ci maddəsinin 7-ci hissəsinə uyğun olaraq, Federasiya Şurasının icazəsi ilə və Federal Məclis tərəfindən ratifikasiya edilmiş DXR və LPR ilə dostluq və qarşılıqlı yardım müqavilələrinə uyğun olaraq, xüsusi hərbi əməliyyat keçirtməyi qərara aldım. Onun məqsədi 8 ildir Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalmış insanları qorumaqdır. Bunun üçün biz Ukraynanın demilitarizasiyası və denazifikasiyası üçün çalışacağıq. Eləcə də mülki əhaliyə, o cümlədən Rusiya Federasiyası vətəndaşlarına qarşı çoxsaylı qanlı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsidir”, - prezident bildirib.
“Əminəm ki, Rusiya silahlı qüvvələrinin vətəninə sadiq olan əsgər və zabitləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər. Şübhə etmirəm ki, hökumətin bütün səviyyələri, iqtisadiyyatımızın, maliyyə sistemimizin, sosial sferanın sabitliyinə cavabdeh olan mütəxəssislər, şirkətlərimizin rəhbərləri və bütün Rusiya biznesi koordinasiyalı və səmərəli fəaliyyət göstərəcəklər”, - Putin davam edib.
Putin Ukrayna hərbçilərini silahlarını yerə qoymağa və “evə getməyə” çağırıb. Bunu edənlər “müharibə zonasını maneəsiz tərk edib ailələrinin yanına qayıda” biləcəklər.
“Biz hadisələrin istənilən inkişafına hazırıq. Bununla bağlı bütün lazımi qərarlar qəbul edilib. Ümid edirəm ki, məni dinləyəcəklər”. (Marja)