ABŞ-da bu ilin noyabrında keçiriləcək prezident seçkilərində əsas namizədlər məlum olub. Demokratlar Partiyasından seçkiyə iki əsas namizəddən biri Vermont ştatından olan senator Berni Sanders namizədliyini geri götürüb. Nəticədə onun Demokratik partiyadakı əsas rəqibi – keçmiş vitse prezident Co Bayden partiyanın əsas namizədinə və Trampın əsas rəqibinə çevrilib.
Senatorun bu qərarı qəflətən olsa da – indiyədək o mübarizəni dayandırmayacağını bildirirdi – bəzi ekspertlər bunu gözləyirdilər.
Məsələ bundadır ki, Sanders indiyədək keçirilən partiyadaxili seçkilərdə Baydenə uduzurdu. Demokrativ partiyadan prezidentliyə əsas namizəd olmaq üçün nümayəndələrin 1911-nin səsini almaq lazımdır. İndiyədək 30 ştatda keçirilən seçkilərdə Sanders 914 nümaynədənin, Co Bayden isə 1217 nümayəndənin səsini qazanmışdı. Deməli, Sanders əsas namizəd olmaq üçün qarşıdakı ştatlarda nümaynədələrin 60%-nin səsini qazanmalı idi. Amma rəy sorğuları da onun xeyrinə deyildi – «Morning Consult» təşkilatının aprelin 5-də apardığı araşdırmada Co Bayden 61%, Sanders isə cəmi 36% dəstək almışdı. Belə vəziyyətdə mübarizəni davam etdirmək mənasız idi və Sanders namizədlik yarışından çıxıb.
Senatorun bu barədə bəyanatından dərhal sonra onun elektoratı uğrunda mübarizə başlayıb. Co Bayden Sandersin tərəfdarlarını seçkilərdə onu dəstəkləməyə çağırıb. Amma tərəfdarların bunu edəcəyini birmənalı demək mümkün deyil. Məsələ bundadır ki, ötən seçkilərdə də Demokratik Partiyanın rəhbərliyi Sandersi məcbur etmişdi ki, Hilari Klintonun xeyrinə namizədliyini geri götürsün. Bundan narazı qalan Sandersin tərəfdarları olan demokratlar, Hilariyə səs verməmək üçün ümumiyyətlə seçkiyə qatılmadılar və faktiki olaraq onun məğlubiyyətinə səbəb oldular. Bəzi ekspertlər bildirir ki, oxşar vəziyyət indi də yarana bilər. Əgər Sanders özü öz tərəfdarlarını Baydenə səs verməyə çağırmasa, onları ümumiyyətlə heç kimə səs verməyəcəklər. Nəticədə Demokrat partiyası bu dəfə də seçkini uduza bilər.
Sandersin namizədliyini geri çəkməsinə prezident Tramp da öz stilində münasibət bildirib. Senatorun tərəfdarlarını ona (yəni Trampa) səs verməyə çağıran Tramp deyib ki, ötən seçkilərdə «Hilari Klintonun fıraldaqçılığı nəticəsində Sanders şanslarını itirmişdi. İnd idə həmin tarix təkrar olunur».
Hazırda Demokratlar Partiyasından faktiki olaraq vahid namizədə çevrilən Baydenlə Trampın şəxsi münasibətləri də olduqca pisdir.
Bir qədər əvvəl Tramp onu tənqid etdiyinə görə Co Baydeni «əqli cəhətdən zəif» adlandırmışdı. Üstəlik, Co Baydenin oğlunun Ukraynadakı fəaliyyəti də qalmaqala səbəb olmuşdu. Mətbuatda yayılan məlumatlara görə, Tramp Ukrayna prezidenti Zelenskidən tələb edib ki, Baydenin oğluna qarşı cinayət işi qaldırılsın. Amma sonradan bu məlumat ictimaiyyətə yayıldıqdan sonra məsələ cinayət işi olmadan bitib.