Dünyada alkoqolsuz içkilərin ən böyük istehsalçılarından biri olan “PepsiCo” şirkəti İsrailin “SodaStream” kompaniyasını 3,2 milyard dollara alır.
FED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilib. Tərəflər arasında əldə edilən razılaşmaya görə, “PepsiCo” 144 dollardan “SodaStream”in buraxılmış səhmlərini əldə etməyə hazırdır.
“Sazişin ümumi qiyməti isə 3,2 milyard dollar təşkil edəcək. Məbləğ “PepsiCo”nun vasitələri ilə ödəniləcək”, - deyə şirkətin açıqlamasında deyilib.
“SodaStream” evdə qazlı su istehsalı üçün lazım olan ev alətlərinin istehsalçısıdır. Marka öz sahəsi üzrə aparıcı dünya istehsalçısı hesab olunur. Firmanın məhsulları dünyanın 45 ölkəsində satılır və işçi sayı 2000-ə çatıb. Ötən il İsrail şirkətinin gəlirləri 82% artaraq 26 milyon dollara çatıb. Şirkətin dövriyyəsi 31% artaraq 172 milyon dollara yüksəlib.