Beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır.
Eləcə də bax: Azərbaycan XİN-dən Paşinyanın iddialarına - CAVAB
FED.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur. Ermənistan da Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb. 2007-ci ildə tanıyıb. Bunu nə vaxta qədər təsdiqləməmək olar? Məsələ burasındadır ki, biz bunu görmək istəyirik, yoxsa yox? Bəlkə bütün problemlərimiz bunu görməməyimizdən irəli gəlir”, - deyə Paşinyan Ermənistan İctimai Televiziyasının efirində bildirib.
Jurnalistin rəsmi Bakının iddiasına əsasən, Ermənistanın 1991-ci il Alma-Ata Bəyannaməsinə istinad edərək, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı fikrinə Paşinyan belə cavab verib: “Alma-Ata Bəyannaməsi bizim qanunvericiliyimizin bir hissəsidir. O, 1992-ci ilin fevralında Ermənistan Ali Soveti tərəfindən təsdiqlənib. Mən Alma-Ata Bəyannaməsini qəbul etmədiyimi desəm, Ermənistanın qanunvericiliyini tanımamış olaram”.
Baş nazir bildirib ki, Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımayan ölkə yoxdur və illüziyaya qapılmaq lazım deyil. “Bu vəziyyətdə biz bütün dünyaya qarşı təkbaşına mübarizə aparmamalıyıq və apara da bilmərik. Nə qədər ağrılı və çətin olsa da, biz bu reallıqla üzləşməliyik”, - deyə Paşinyan vurğulayıb. (İnterfaks- Azərbaycan)