Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə aparılmış müzakirələrin həcmli və çətin olduğunu bildirib.
Eləcə də bax: Prezidentin Şarl Mişel və Paşinyanla 4 saatlıq görüşü - BAŞA ÇATDI - VİDEO
FED.az xəbər verir ki, “Dünən müzakirələrin yekunları üzrə işlək qərarlar qəbul olundu. Müzakirə asan deyildi, həcmli idi. Amma qeyd etmək istəyirəm ki, hədəflərimiz dəyişməz olaraq qalır. Bu, elan etdiyimiz sülh gündəliyidir və onu həyata keçirmək üçün bizə qətiyyət lazımdır”, - deyə Paşinyan bu gün hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, bu gündəliyin həyata keçirilməsi asan və aydın proses deyil.
“Mümkün həll yolları bəlli deyil, biz ardıcıl işləməliyik, hesab edirəm ki, bu, həm də xalqımızın bizim regionda uzunmüddətli və hərtərəfli sülhün bərqərar olması arzusudur. Biz diqqətimizi bu problemin həllinə yönəltməliyik”, - deyə baş nazir vurğulayıb.
Əliyev ilə Paşinyan arasında görüş avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə baş tutub. (İnterfaks-Azərbaycan)