Xəbər verildiyi kimi, prezident İlham Əliyev Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.
FED.az xəbər verir ki, sözügedən sənədlər parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.
Xatırladaq ki, bu il 70 yaşı tamam olacaq E.Rüstəmov 1995-ci ilin yanvar ayından Mərkəzi Bankın rəhbəri idi.
Taleh Kazımov 11 sentyabr 1983-cü ildə Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Ştat Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib. Bundan başqa, Kazımov 2012-ci ildə London Biznes Məktəbinin və 2014-cü ildə Harvard Biznes Məktəbinin idarəçilər üçün xüsusi proqramlarını müvəffəqiyyətlə bitirib.[2]
Taleh Kazımov əmək fəaliyyətinə təhsil aldığı dövrdə başlamış, "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və informasiya texnologiyaları üzrə operator kimi işləmişdir
Maliyyə sektorunda peşəkar fəaliyyətə isə 2004-cü ildən başlayıb. Belə ki, 2004-2006-cı illərdə "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis, Maliyyə nəzarəti departamentinin İdarəetmə və büdcə planlaşması şöbəsində, daha sonra isə Kredit siyasəti departamentinin Korporativ müştərilərin kreditləşmə şöbəsində aparıcı mütəxəssis vəzifələrində işləyib.
2006-cı ildən 2007-ci ilədək "Ernst & Young" şirkətində auditor vəzifəsini tutmuşdur. 2007-ci ilin yanvar ayından aprel ayınadək "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin baş direktoru vəzifəsində çalışıb.[3]
Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ilin iyul ayından başlamışdır. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləmmiş, 2009-cu ildən isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutmuşdur.
Taleh Kazımov 7 dekabr 2011-ci ildən "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilmiş, korporativ və biznes-bankinq istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi, maliyyə institutları və kredit menecmenti sahələrini kurasiya etmişdir.
1 iyul 2015-ci il tarixində Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub və hazırda həmin vəzifələri icra etməkdədir.
Ailəlidir, iki övladı var.
Elman Rüstəmov 1952-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur.
1973-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu "Xalq təsərrüfatının planlaşdırılması" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Əmək fəaliyyətinə 1973-cü ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun iqtisadçısı vəzifəsində başlamışdır.
1974-cü ildən 1975-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. 1975-ci ildən 1978-ci ilədək aspiranturada oxumuşdur.
1978-ci ildən 1980-ci ilədək Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Bakı Zərif-Mahud istehsalat birliyində iqtisadiyyat idarəsinin rəisi vəzifəsində işləmişdir.
1980-cı ildən 1990-cı ilədək Elmi-tədqiqat İqtisadiyyat İnstitutunda böyük iqtisadçı, bölmə müdiri vəzifələrində çalışmışdır.
1986-cı ildən iqtisad elmləri namizədidir. 1990-cı ildən 1992-ci ilədək Moskva şəhərində doktoranturada təhsil almışdır. 1993-cü ildə iqtisad elmləri dokturu alimlik dərəcəsi almışdır. İqtisadiyyat, maliyyə və bank işi üzrə çoxsaylı elmi məqalələrin və nəşrlərin müəllifidir.
1991-ci ildən 1992-ci ilədək Azərbaycan Respublikası Prezident Aparatında böyük məsləhətçi vəzifəsində işləmişdir.
1992-ci ilin dekabrında Azərbaycan Respublikası Milli Bankı İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. 1995-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.
2000-ci ilin aprelində 5 il müddətinə Milli Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.
2007-ci ildə Azərbaycan Şahmat Federasiyasının Sədri vəzifəsinə təyin edilmişdir.
2010-cu ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilmişdir. Dünya Bankının Azərbaycan üzrə sədridir.
2015-ci ilin aprelində 5 il müddətinə Azərbaycan Respublikası Mərkəzi Bankın Sədri vəzifəsinə təyin edilmişdir.
Ailəlidir. 3 övladı var.