Özbəkistanda ölkə Konstitusiyasına dəyişiklik və əlavələrlə bağlı yeni layihə hazırlanıb və parlamentin nəşrlərində dərc edilərək ümumxalq müzakirəsinə verilib.
FED.az xəbər verir ki, layihədə ölkə prezidentinin hakimiyyətdə olma müddətinin 5 ildən 7 ilə qədər artırılması təklif olunur.
Bu yaxınlarda parlamentin aşağı palatası qanun layihəsini birinci oxunuşda qəbul edib və onun ümumxalq müzakirəsinə çıxarılması ilə bağlı qərar qəbul edb.
Məlumata görə, yeni layihədə Özbəkistan Konstitusiyasına 60-dan çox maddənin əlavə olunması təklif edilir. Əlavələr dövlətin işgüzar və investisiya mühiti üçün əlverişli iqlim yaratması, vicdanlı rəqabətin qorunması, sahibkarlığın inkişafı üçün şəraitin təmin edilməsi, iqtisadi fəaliyyətdə inhisarçılığa yol verilməməsi, sahibkarlara qanunla qadağan edilməmiş hər cür fəaliyyətlə məşğul olmaq və qeyri-məhdud həcmdə gəlir əldə etmək hüququnun verilməsi kimi məsələləri əhatə edir.
Layihədə, bundan əlavə, dövlət hakimiyyətinin əsaslarını inkişaf etdirmək üçün normalar, parlamentin səlahiyyətlərinin artırılması, vətəndaşların qanunyaratma prosesində daha fəal iştirakının təminatı da əks olunub.
Layihə indiyədək mövcud olmuş bəzi normaları, o cümlədən, yerli icra hakimlərinin həm də yerli xalq deputatları sovetlərinə rəhbərlik etməsini ləğv edir. Eyni zamanda, xalq deputatları sovetlərinin və icra hakimlərinin səlahiyyətləri artırılır. Parlamentə korrupsiyaya qarşı mübarizə haqqında hesabatı gündəlik müzakirə etmək səlahiyyəti verilir.