Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük savxozu, Əli İsazadə küçəsi ilə Yeni Hövsan yolunun kəsişməsində fəaliyyət göstərən, “Oba Market” MMC-yə məxsus “Oba” marketdə yoxlama keçiriblər.
AQTA-dan FED.az-a bildirilib ki, yoxlama zamanı marketdə sertifikatlaşdırılmadan İran İslam Respublikasından ölkəmizə gətirilən müxtəlif çeşidli süd məhsulları, balıq məhsulları, süfrə duzu, qənnadı məmulatları və müxtəlif növdə hazırlanmış giləmeyvəli alkoqolsuz içkilərin satıldığı, istifadə müddəti ötmüş, istehsal tarixi və son istifadə tarixi qeyd edilməyən pendirin satışa çıxarıldığı, kolbasa məhsulunun üzərində yararlılıq müddətindən artıq müddətin qeyd edildiyi aşkarlanıb.
Eyni zamanda müəssisədə temperatur rejiminə riayət edilmədiyi, məhsulların saxlanılması üçün anbar sahəsinin təşkil edilmədiyi, qida məhsullarının qeyri-qida və istehlaka yararsız məhsullarla eyni sahədə saxlanıldığı, müxtəlif çəkilərdə qablaşdırılmış məhsulların üzərindəki istehsal tarixi, saxlama müddəti və digər məlumatların dəyişdirildiyi müəyyən edilib.
Aşkar edilmiş nöqsanlarla bağlı müəssisədə müşayiətedici sənədləri və mənşəyi məlum olmayan məhsulların dövriyyədən çıxarılması və satışının qadağan edilməsi barədə məhdudlaşdırıcı qərar qəbul edilib, müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.