Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Misir Ərəb Respublikasının Luksor şəhərində keçirilən Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü Sessiyasında çıxış edib.
Nazirlikdən Fed.az-a verilən məlumata görə, nazir çıxışı zamanı qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafında iqtisadiyyatın bir qolu olan turizm əhəmiyyətli rol oynayır. Nazir son illər bu sahədə həyata keçirilən layihələr haqqında məlumat verərək, viza sadələşdirilməsinin tətbiqindən sonra əvvəlki illərlə müqayisədə xarici turistlərin səfərlərində 11 % artımın olduğunu bildirib.
Bununla yanaşı, Əbülfəs Qarayev ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışmış, 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və tədbir çərçivəsində təşkil olunacaq turizm nazirlərinin konfransı haqqında da məlumat verib.
Nazir bildirib ki, 2017-ci il dünyada “İnkişaf naminə davamlı turizm beynəlxalq ili” çərçivəsində ölkəmizdə də bir sıra layihələr həyata keçiriləcək.