Sentyabrın 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Plov” və “Yallı” festivalları keçiriləcək.
Festivallarda milli mətbəximizin incisi olan plov nümunələri nümayiş etdiriləcək, qədim yallılarımız ifa olunacaq. “Ən dadlı plov” müsabiqəsinin qalibləri və “Ən yaxşı yallı” kollektivləri mükafatlandırılacaqlar.
“Plov” və “Yallı” festivalları muxtar respublikanın mədəni həyatında əlamətdar hadisə olmaqla, regionun bölgələrinə xas müxtəlif çeşidli plov növlərinin və onların hazırlanması qaydalarının nümayişi, xalqımızın ən qədim folklor nümunələrindən olan, birlik və mübarizlik rəmzi sayılan yallılarımızın təbliği baxımından mühüm tədbirdir.
Qeyd edək ki, plov Şərq xalqlarının süfrə mədəniyyətinə aid yeməkdir. Ölkəmizdə plovun 200-dən çox növü var. Festivalda nümayiş olunacaq müxtəlif plov növləri peşəkar və həvəskar aşpazlar tərəfindən hazırlanacaq.
Milli mətbəximizin incisi plov sayıldığı kimi, xalqımızın zəngin folklorunu yaşadan da yallılarımız hesab olunur. Yaşı min illərlə ölçülən yallı haqqında təsvirlərə və məlumatlara Qobustan və muxtar respublikadakı Gəmiqaya qayaüstü rəsmlərində, “Kitabi-Dədə Qorqud” dastanlarında və ədəbiyyatımızda Nizaminin “Xosrov və Şirin” poemasında rast gəlinir.
Bu gün muxtar respublikada 40-dan çox yallı oynanılır. Yallını xoreoqrafik məzmununa görə 2 növə – süjetli və rəqs yallılarına ayırırlar. Süjetli yallılar teatrlaşmış xalq oyunları olduğu üçün oyun yallısı adlanır. Rəqs yallılarında isə qəhrəmanlıq motivləri, xalqımızın əhval-ruhiyyəsi, çeviklik, cəsarət əks olunur.
Azertag©