Sentyabr ayının 27-də Naxçıvanda prezident İlham Əliyevin “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə bağlı tapşırıqlarının icrası məqsədilə geniş iclas keçirildi.
FED.az xəbər verir ki, tədbirin açılışı Naxçıvan Ali Məclisi Hüquqmühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov, Ali Məhkəmənin sədri Qasım Əliyev, Ədliyyə naziri Sulidin Əliyev və Ədliyyə Nazirliyi “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti, hakim Ramin Qurbanov tərəfindən həyata keçirildi.
Eləcə də bax: Azərbaycanın bu bölgəsində kredit verilməsi – 2 DƏFƏDƏN ÇOX ARTIB
Naxçıvandakı məhkəmələrin sədrləri və hakimləri, habelə icra qurumlarının rəislərinin iştirakı ilə keçirilən iclasda “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemlərinin imkanları və funksionallıqları Ali Məhkəmə Məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və statistikası təhlili şöbəsinin müdiri Cahan Bayramova və Ədliyyə Nazirliyi İcra və probasiya şöbəsinin rəisi Emin Kazımov tərəfindən nümayiş olunaraq bu sistemlərin ədalət mühakiməsinin və icra xidməti işinin səmərəliliyinin və şəffaflığının artırılmasına müsbət təsiri, vətəndaşlara və sahibkarlara elektron xidmətlərin göstərilməsi imkanları və istifadəçilərin elektron əlçatımlığının təmin edilməsindən bəhs olundu.
Qeyd olundu ki, Naxçıvanın Ali Məclisinin sədri cənab Vasif Talıbovun dəstəyi ilə məhkəmə infrastrukturu tamamilə yenilənərək beynəlxalq tələblərə cavab verən müasir məhkəmə binaları istifadəyə verilib.