2023-cü ilin sonuna qədər Kolumbiyanın kokain satışından əldə etdiyi ixrac gəliri ölkənin neft satışından əldə etdiyi məbləği keçəcək.
FED.az xarici mətbuata istinadən yazır ki, beləliklə, tədarükü qanunsuz olan narkotika Cənubi Amerika ölkəsinin əsas ixrac məhsuluna çevriləcək.
Bloomberg-in hesablamalarına görə, bu vəziyyət ilin birinci yarısında Kolumbiyadan neft tədarükünün 30 faiz azalması, kokain tədarükünün isə dayanmadan artması nəticəsində yaranacaq.
Artıq keçən il Kolumbiyadan narkotik ixracı demək olar ki, neft ixracına çatmışdı - 19,1 milyard dollara qarşı 18,2 milyard dollar.
Bu vəziyyətin yaranmasına Kolumbiya rəhbərliyinin narkotiklərlə bağlı yumşaq siyasəti səbəb olub. Hökumət qurumları vaxtaşırı olaraq kokainin istehsal olunduğu laboratoriyaları məhv edir, amma onun əkildiyi sahələr artır.
BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin məlumatına görə, narkotika istehsalı üçün əkilmiş torpaq sahəsi 2022-ci ildə 13 faiz artaraq 230 min hektara çatıb.