Dünən Misirin Kafr-eş-Şeyx şəhərinin sahillərində içərisində təxminən 600 miqrantın olduğu qayıq aşıb. Türkiyənin “Hürriyyət” qəzetinin məlumatına görə, 42 nəfərin cəsədi artıq tapılıb.
Qəzadan sağ çıxan miqrantlardan olan Bədri Əbdülhəmid qayıqda təxminən 450 insanın olduğunu deyib. Misirin xəbər agentliyi MENA isə qayıqda 600 miqrant olduğu xəbərini yayıb. Rosetta xəstəxanasında gözyaşları içərisində polisə hadisəni danışan Əbdülhəmid – “Saat 02:00-da yola çıxmışdıq. 1,5 saat sonra qayıq aşdı. Üzməyi bacaran üzdü. Qadınları və uşaqları dənizin sularına tərk etdik. Mənim də 3 uşağım öldü” – deyib.
Sahildən 12 kilometr aralıqda batan qayıqda olan qaçqınların Misirli, Eritrəli, Sudanlı və Suriyalı olduqları bildirilir. Misir ordusu bu saata qədər 163 insanın həyatının xilas edildiyini açıqlayıb. Batan qayıqdan xilas olanlar isə Rosetta şəhərində polis nəzarətində saxlanılır. İtkin düşənlərin yaxınları axtarışların sürətləndirilməsini istəyirlər.