Azərbaycanda mediasiya xərclərinin ödənilməsi ilə bağlı yenilik baş verib.
FED.az xəbər verir ki, Nazirlər Kabinetinin 19 avqust tarixli qərarı ilə «Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası»nda dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Qaydaların 1.3-cü bəndi (“Bu Qayda tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda tətbiq edilmir.”) ləğv edilib.
Məsələ bundadır ki, bu qaydaya əsasən ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərin mediasiya xərcləri dövlət büdcəsi vəsaiti hesabına ödənilir.
İndiyədək möcud olan qaydaya əsasən tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzürlü və ya üzürsüz səbəbdən iştirak etmədiyi halda onun xərci dövlət tərəfindən ödənilmirdi.
Dəyişiklikdən sonra isə bu qayda tərəfin ilkin mediasiya sessiyasında üzürlü və ya üzürsüz səbəbdən iştirak etmədiyi halda da tətbiq ediləcək.
Bildirilir ki, Qaydaya əsasən mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxslərə aşağıdakılar aiddir:
1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;
2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumlarında və “DOST” mərkəzlərində işsiz kimi qeydiyyatda olan şəxslər.
Qeyd edilən kateqoriyalardan olan fiziki şəxslər mediasiya xərclərinin dövlət büdcəsi hesabına ödənilməsi üçün aşağıdakı sənədləri mediatora təqdim etməlidir:
- mediasiya xərcinin dövlət büdcəsi hesabına ödənilməsi barədə ərizə;
- şəxsiyyət vəsiqəsinin surəti;
- fiziki şəxsin qeyd edilən kateqoriyalardan birinə aid olduğunu təsdiqləyən sənədin surəti.
Fiziki şəxsin qeyd edilən kateqoriyalardan birinə aid olduğunu təsdiqləyən sənəd onların müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
Həmçinin fiziki şəxs həmin sənədi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalında yaradılan elektron kabineti vasitəsilə və ya “DOST” mərkəzlərinə müraciət etməklə əldə edə bilər.
Mediatorlar siyahıda qeyd edilən sənədləri digər zəruri sənədlərlə, o cümlədən mediasiya xərclərinə dair hesabatla birlikdə mediasiya təşkilatı vasitəsilə Mediasiya Şurasının İdarə Heyətinə ünvanlamalıdır. Mediasiya Şurasının İdarə Heyəti daxil olmuş sənədlərə baxdıqdan sonra imtina üçün əsaslar olmadıqda mediasiya xərcinin dövlət büdcəsi hesabına ödənilməsi barədə qərar qəbul edir və müvafiq vəsait mediasiya təşkilatına ödənilir.