«Marlboro», «Bond» və «Parliament» siqaretlərinin istehsalçısı olan «Philip Morris International» şirkəti Rusiyadakı biznesini satmaqda çətinliklərlə üzləşib.
FED.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Yaçek Olçak «Financial Times»a bildirib.
Baş direktorun sözlərinə görə, o indiyədək biznesi satmaq üçün azı 3 «ciddi investorla» danışıq aparıb amma nəticəsi olmayıb.
Xatırladaq ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə, əksər Qərb şirkətləri Rusiyanı tərk edir.
«Philip Morris International» şirkəti də buradakı biznesini ona görə satır. Amma bu o qədər də asan deyil. Rusiya Maliyyə Nazirliyi bəyamn edib ki, ölkədən çıxmaq istəyən şirkətlər aktivlərinin azı 50% endirimlə satmalıdırlar, eləcə də «bəzi xərcləri» ödəməlidirlər.
Baş direktor isə bildirir ki, şirkət buradakı aktivlərini sərfəli olmayan qiymətə satmaqdansa, burada saxlamağa üstünlük verəcək.
Xatırladaq ki, «Philip Morris» şirkəti Rusiyada «Chesterfield», «Parliament», «Marlboro» və «Bond Street» siqaretlərini buraxır.
«Philip Morris»in Rusiyadakı biznesinin qiyməti açıqlanmayıb, amma şirkətin sənədlərində bildirilir ki, burada şirkətin 2,5 milyard dollarlıq aktivləri olub.
Başqa bir iri siqaret şirkəti – «British American Tobacco» da Rusiyadan getməyə hazırlaşır. Bu şirkət «Lucky Strike», «Kent» və «Yava» siqaretləri buraxır.