“Azərbaycan Dəmir Yolları” QSC və Rusiyanın taxıl yüklərinin dəmir yolu ilə daşımaları üzrə nəhəng operatoru “Rusaqrotrans” QSC Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yolu daşımalarının payını artırmaq məqsədilə “AzRusTrans” QSC müştərək müəssisəsini yaradıb.
Oktyabrın 10-da Bakıda yeni şirkət Azərbaycanın yükgöndərənlərinə və yük sahiblərinə təqdim olunub. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, müavinləri Vüsal Aslanov və İqbal Hüseynov şirkətin dəmir yollarının yük dövriyyəsinin artırılmasında məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına məlumat veriblər. Təqdimatda “Rusaqrotrans” QSC-nin Direktorlar şurasının üzvü Konstantin Zasov, “Rusaqrotrans” QSC-nin Baş direktoru Yuri Kim və direktorlar şurasının sədri Oleq Roqaçov da iştirak edib.
Yeni şirkətin rəhbəri Cavid Quliyev iştirakçılara şirkətin Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında beynəlxalq daşımalarda olan üstünlüklərindən söz açıb.
Yeni birgə müəssisə fəaliyyəti sayəsində Azərbaycan Dəmir Yolları tərəfindən rekonstruksiya edilmiş nəqliyyat dəhlizləri, əsasən, Bakı-Tbilisi-Qars və “Şimal-Cənub” dəhlizləri Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında dəmir yolu daşımalarının həcmini artırmağa imkan verəcək. Rusiya-İran, Rusiya-Gürcüstan və Rusiya-Türkiyə istiqamətində taxıl daşımaları daha perspektivli ola bilər.
Qeyd edək ki, “AzRusTrans” QSC Rusiya Federasiyasında və Azərbaycanda şəxsi qatar parkına sahib olan əsas operatorlardan biri olmağa can atan dəmir yol şirkətidir. “AzRusTrans” QSC müxtəlif yüklərin, o cümlədən taxıl və digər aqrar yüklərin, meşə materiallarının, mineral gübrələrin, inşaat, konteyner və maye yüklərinin daşınmasını təşkil edir. Şirkət Rusiya və Azərbaycan ərazisində limanlarda yükləmə - boşaltma da daxil olmaqla tranzit daşımalar sahəsində tam xidmət təqdim edir, çatdırma müddətlərini optimallaşdırır, vaqonların izlənməsini təşkil edir, məsləhət və gömrük xidmətləri göstərir, fitosanitar və baytar nəzarəti də daxil olmaqla lazımi sənədləri rəsmiləşdirir.