Mütəxəssislərin qiymətləndirmələrinə görə, koronavirus pandemiyası həmçinin Böyük Britaniya kraliçasına da zərbə vurub. Belə ki, İngiltərə tacının (Crown Estate) mülkləri karantin rejimi tətbiq ediləndən sonra 716 milyon dollar ucuzlaşıb.
Eləcə də bax: Donald Trampın sərvəti bir il ərzində 600 mln. dollar azalıb
FED.az xəbər verir ki, “Crown Estate”in 2019/20 il maliyyə hesabatına görə, London karantinə alındıqdan sonra kraliçanın investisiya portfeli 1,2% azalaraq 17,4 milyard dollara düşüb. Ticarət sahəsindəki gərgin vəziyyətə baxmayaraq, “Crown Estate” keçən ildə kiçik də olsa qazanc əldə edib. Təşkilatın icraçı direktoru Den Labbad qeyd edir ki, illik gəlir ötən ilin analoji dövrü ilə müqayisədə 0,4% artaraq 447 milyon dollar səviyyəsində olub.
2010-cu ildən etibarən rəsmi olaraq “Suveren mülkiyyət” adlanan “Crown Estate”, Londonun West End, Windsor Domains və Ascot hippodromuna sahibdir. 1961-ci ildən “Crown Estate” müstəqil kommersiya təşkilatı olaraq fəaliyyət göstərir və bütün gəlirlərini Maliyyə Nazirliyinə köçürür. Öz hesablamalarına görə, təşkilat son on ildə İngiltərə xəzinəsinə 3,7 milyard dollar qazandırıb. Qeyd edək ki, bu pul kraliçanın şəxsi sərvətinin bir hissəsi hesab edilmir.
“Forbes”un verdiyi məlumata görə, 2019-cu ilin may ayında Böyük Britaniya kraliçasının şəxsi sərvəti 500 milyon dollar təşkil edib, taxt-tacının dəyəri (Crown Estate və Lankaster Hersoqluğu daxil olmaqla) isə 25 milyard dollara çatıb.
"Banker"