Kanada Xarici İşlər Naziri Şampan, bu ölkənin Türkiyəyə ixracat icazələri ilə əlaqədar açıqlama verib.
Eləcə də bax: “Sonadək Azərbaycanı müdafiə edəcəyik” - Türkiyənin Müdafiə naziri
FED.az xəbər verir ki, Kanada Xarici İşlər Naziri Frans Filip Şampan, Qarabağda davam edən döyüşlərdə istifadə edildiyi iddia edilən bəzi texnologiya məhsullarının Türkiyəyə ixracının müvəqqəti olaraq dayandırıldığını açıqladı.
Şampan açıqlamasında bildirib ki, "Son bir neçə gündə Dağlıq Qarabağdakı hərbi qarşıdurmalarda Kanada texnologiyalarının istifadəsi ilə bağlı bəzi iddialar irəli sürüldü. Bu iddiaları eşidən kimi Kanada Xarici İşlər Nazirliyinə bu iddiaları araşdırmağı tapşırdım. Kanadanın sərt ixrac nəzarəti rejiminə uyğun olaraq və davam edən münaqişə səbəbi ilə. Türkiyəyə verilən ixracat icazələrinin daha dərindən araşdırılması üçün dayandırıldı».
Kanadanın Dağlıq Qarabağdakı münaqişələrdən narahat olduğunu ifadə edən Şampan, «Vəziyyəti dərhal yerində sabitləşdirmək üçün bütün tədbirlərin alınmasına çağırırıq və bu münaqişənin sülh yolu ilə və danışıqlar yoluyla həll edilməsindən başqa alternativi olmadığını» bildirib.
Öz növbəsində rəsmi Ankara Kanada hakimiyyət orqanlarının Azərbaycan-Ermənistan münaqişəsi bölgəsində istifadə bəhanəsi ilə müdafiə texnologiyaları və silahlarının Türkiyəyə ixracı üçün lisenziyaların dayandırılması qərarını qınayıb. Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki:
“Eyni Kanada, dövrümüzün ən qanlı humanitar dramlarından biri sayılan Yəməndəki münaqişədə fəal iştirak edən ölkələrə silah tədarükü yolunda heç bir maneə yaratmır. Təhlükəsizliyə töhfə olaraq Orta Şərqə silah tədarükü edən Ottavanın mövqeyi BMT mütəxəssislərinin də kəskin tənqidinə səbəb olub. Eyni zamanda, NATO müttəfiqlərinə silah ixracı yolunda yaranan problemlərin heç bir izahı ola bilməz”.
XİN Kanadanı ikili standartlarda və Azərbaycan torpaqlarının 30 ildir Ermənistanın işğalı altında olması faktına biganə yanaşmaqda təqsirləndirib.
Ankara kanadalı səlahiyyətlilərin Suriyanın şimalında Türkiyənin apardığı “Sülh baharı” antiterror əməliyyatı zamanı da bənzər bir qərəz nümayiş etdirdiyini xatırladıb.
“Rəsmi Ottavanı ikili standartlar siyasətindən imtina etməyə çağırırıq. Kanada səlahiyyətliləri antitürk dairələrinin təsirindən çıxmalı və xırda siyasi məqsədlər üçün hərəkət etməməlidirlər”,-deyə sənəddə qeyd olunub.