Səudiyyə Ərəbistanı məhkəməsi Türkiyədə qətlə yetirilən jurnalist Camal Haşoqinin ölümündə günahkar bilinən 5 nəfərin ölüm cəzasına məhkum edilməsi barədə qərar verib.
FED.az-ın xəbərinə görə, bu barədə “Əl-Arabiya” telekanalı ölkə prokurorluğuna istinadən məlumat yayıb.
Bildirilir ki, daha üç nəfər 24 il müddətinə həbs cəzasına məhkum edilib. KİV mühakimə olunanların adlarını açıqlamayıb.
Xatırladaq ki, “The Washington Post” nəşrində çalışan jurnalist Camal Haşoqi 2018-ci il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı səfirliyində öldürülüb. Jurnalistin cəsədi bugünədək tapılmayıb.
Səudiyyə Ərəbistanında qətl hadisəsinə görə keçmiş kəşfiyyat rəisinin müavini Əhməd əl-Əsirinin də olduğu 11 nəfər ittiham olunub. Məhkəmə bu işdə Əhməd əl-Əsirini ittiham etmək üçün kifayət qədər əsas tapmayıb. O, Haşoqinin öldürülməsindən qısa müddət sonra işdən çıxarılıb.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin keçmiş müşaviri Səud əl-Kahtani istintaq zamanı dindirilsə də, ona qarşı heç bir ittiham irəli sürülməyib. Buna baxmayaraq Əl-Kahtani Haşoqinin öldürülməsindən sonra vəzifəsini itirib.
“Qafqazinfo”