Japan Tobacco International (JTI) şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ölkədə əhalinin içməli su ilə təminatı sahəsində daha bir layihə həyata keçirmişdir. Sayca on birinci olan layihə Şəki rayonunun Qozlubulaq kəndində Mili Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) və Şəki rayon icra hakimiyyəti ilə birlikdə həyata keçirilmişdir.
FED.az xəbər verir ki, açılış mərasimində çıxış edən Şəki rayon icra hakimiyyətinin başçısının müavini Zərinə Cavadova və layihənin koordinatoru Gunel İbrahim layihənin icrasında maliyyə dəstəyi göstərdiyinə, xüsusilə də belə bir layihənin əhali, ərazi və iqtisadiyyat baxımından önəmli olan Şəki rayonunda həyata keçirdiyinə görə JTI şirkətinə öz minnətdarlığını bildirdilər. JTI şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin meneceri Əli Verdiyev layihənin uğurla icra edildiyini qeyd edərək, belə layihələrin insanların həyat şəraiti və rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını bildirdi. Daha sonra su təchizatı qurğusu yerli əhalinin istifadəsinə verildi.
Əhalisinin sayı 4500-ə yaxın olan Qozlubulaq kəndində içməli su layihəsi MQF tərəfindən icra edilmişdir. Təxminən üç ay davam edən işlər nəticəsində sub-artezian quyusu qazılmış, müvafiq borular və bir neçə tonluq çən quraşdırılmışdır. Bu, JTI şirkətinin dəstəyi ilə Şəki rayonunda həyata keçirilən ikinci su təchizatı layihəsidir. İndiyədək JTI şirkətinin maliyyə dəstəyi ilə Kürdəmir, Balakən, Lerik, Yardımlı, Şamaxı, Salyan, Ağdam, Ağcabədi və Samux rayonlarında da su təminatı layihələri həyata keçirilmişdir. Bu layihələrin icrası nəticəsində 50,000-ə yaxın vətəndaş təmiz içməli su ilə təmin edilmişdir.